Ru
15:42 / 09 Oktyabr 2024

Təhsilimiz üçün səciyyəvi olan ikinci risk...

1484
"İndiki şəraitdə ən çox müzakirə edilən məsələlərdən biri təhsildə risklər problemidir".

Bakupost.az xəbər verir ki, bunu filologiya elmləri doktoru, professor Telman Cəfərov bildirib.

T.Cəfərov hesab edir ki, ən böyük risk dövlət təhsil müəssisələri sistemində şəxsi təşəbbüslərin, özünümaliyyələşmə prinsipləri ilə təşkil olunan fəaliyyətlərin, geniş mənada şəxsi nümunələrin itirilməsi prosesinin kulminasiya həddinə çatması riskidir.

Onun fikrincə, Azərbaycanda bugünkü təhsil həyatı üçün səciyyəvi olan ikinci risk də var:

"Dilimizin izahlı lüğəti "risk" anlayışına iki cür yanaşıb: təhlükə imkanı, ola biləcək təhlükə, qorxulu iş. Yaxşı nəticələnəcəyi ümidi ilə hərəkət etmə, iş görmə, cəsarət etmə...

Sözün mənasının ikinci tərəfinə ümidlə ikinci böyük riski tam orta təhsil səviyyəsindəki mənzərə ilə bağlayırıq:

1.Tam orta təhsil səviyyəsində (X-XI siniflər) müşahidə olunan bəzi məqamları bütövlükdə məktəb təhsilimiz üçün səciyyəvi hallar hesab etmək olar.

2. Tam orta təhsildə həftəlik dərs yükünün ağırlığı. Dərs saatlarının ən azından 10 saatadək azaldılması və bu siniflər üçün optimal tədris planlarının təklif olunması yuxarı sinif şagirdlərinə faktiki sərbəstlik verməklə yanaşı, bu saatlara yönəldilən vəsaiti ümumi orta təhsilin ilk iki səviyyəsinə, məsələn, xarici dillərin normal mənimsədilməsinə sərf etməyə imkan verərdi.

3. Repetitorluğa faktiki olaraq ictimai rəydə don geyindirilməsi və haqq qazandırılması ilə orta təhsilin bu səviyyəsində tədris prosesinin iflic halına gətirilməsi. Məktəb təhsilinin evlərə, çox vaxt müvafiq standartlara uyğun olmayan tədris mərkəzlərinə daşınması.

Əksər fənn müəllimlərinin məktəb həyatından aralı düşməsi.

Ümumxalq nailiyyəti, cəmiyyətin sosial-ictimai həyatının əsaslarından hesab olunan Məktəb təhsilinin nüfuzuna ciddi xələl gətirilməsi ilə müşahidə olunan bu hala rəsmi dairələrin və ictimaiyyətin səssiz və gözləmə mövqeyində qalması.

4. Yaranmış vəziyyətə görə uzun müddət ərzində günahın haqsız olaraq məktəblərdə, müəllimlərdə, məktəblərin rəhbərliyində axtarılması ilə problemin vaxtında ağrısız və optimal həlli imkanlarının ötürülməsi və yenə də gündəmə gətirilməməsi.

5. Ümumtəhsil məktəblərinin Nümunəvi nizamnaməsi ilə (hələ ki bu sənəd ləğv olunmayıb) malik olduğu səlahiyyətlərin əksəriyyətini hazırki şəraitdə itirmiş məktəblərə davamiyyət bəhanəsi ilə təzyiq vasitəsinə çevrilmiş bu mənzərə onların əlaqəli təşkilatlala münasibətlərində ciddi sosial-psixoloji gərginlik yaradır...

6. Tam orta təhsildə davamiyyət və müvəffəqiyyətə, məktəb-valideyn münasibətlərinə xələl və gərginlik gətirən ən böyük maneələrdən biri - illər boyu DİM-in məktəblərin illik tədris qrafiki ilə uzlaşmayan imtahanlar qrafikidir ki, onun nəhayət ki, cari tədris ilində ETN ilə uzlaşdırılacağına ümid edirik.

7. Ali məktəblərə qəbul DİM tərəfindən aparıldığından universitet-orta məktəb əlaqələrinin zəif olması, müvafiq Dövlət Proqramında nəzərdə tutulsa da, hətta mərkəzi məktəblərin ayrı-ayrı böyük şəhərlərdəki aparıcı universitetlərimizin baza məktələrinə çevrilə bilməməsi, ATM-lər nəzdində liseylərin yaradılması, "Strategiya" ilə nəzərdə tutulmuş pedaqoji universitetlərin pedaqoji internatura yaratması ideyalarının gerçəkləşə bilməməsi".



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar