“Məlum olduğu kimi, Azərbaycana tikinti materialları əsasən, xaricdən idxal olunur. Xüsusən də qonşu Rusiya və Türkiyədən gətirilən inşaat materialları bazarda mühüm yer tutur. Rusiyadan ölkəyə armatur, metal konstruksiya və taxta məhsulları gəlir. Ukraynadan əsasən, artmatur, metal konstruksiya, alüminium və digər məmulatlar gətirilirdi. Lakin müharibə səbəbindən bu idxal dayandırılıb. Bu gün bəzi tikinti materiallarının qiymətində artım müşahidə olunur. Bu, əsasən, taxta materiallarında özünü göstərir. Azərbaycan tikinti materialları məsələsində də idxaldan asılıdır. Məhz buna görə də xaricdə bahalaşma olan kimi ölkə daxilində də qiymət artır: Həmçinin tikinti materiallarının həm istehsalında, həm də daşınmasında dizel yanacağının rolu böyükdür. Zamanla bu artımlar davam edəcək. Ucuzlaşma olmayacaq”.
Bunu Bakupost.az -a bəzi tikinti materiallarının bahalaşmasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Onun dediyinə görə, taxta materialları Azərbaycana əsasən, Rusiyadan gətirilir. Bakıda onların bahalaşması Rusiyada bu materialların qiymətinin artması ilə izah oluna bilər. Digər səbəb isə rüsumların hesablanması və yaxud da rəsmiləşmə qaydalarının dəyişdirilməsi ola bilər:
“Bu qaydaların dəyişməsi də iş adamlarının əlavə vəsait xərcləməsinə səbəb olur. Onlar da təbii ki, buna qiymət artımı ilə cavab verirlər".
Ekspert qeyd edib ki, xaricdə tikinti materiallarının qiyməti davamlı şəkildə artacaqsa, Azərbaycanda da bu istiqamətdə bahalaşma müşahidə ediləcək.
Sevinc,
BakuPost