Vəkil Ramil Səfərovla bağlı 4 ekspertiza keçirilməsinin yazdıSƏBƏBİNDƏN

  • 13 August 22:47
  • 1160 Baxış
Vəkil Ramil Səfərovla bağlı 4 ekspertiza keçirilməsinin  yazdı SƏBƏBİNDƏN
"Hakim Vaskuti Andraşın tərəfsizliyini qoruya bilməməsi prosesin sonrakı mərhələlərində də hiss olunurdu. Məsələn, ikinci erməni zabiti Hayk Manukyan məhkəmədə ifadə verərkən, onun istintaqda verdiyi ifadə ilə ziddiyyət yarandı bu ziddiyətin araşdırılması zamanı o özünü dolaşdırdı və ziddiyət daha da dərinləşdi. Bunu görən hakimin yadına düşdü ki, erməni zabitin ifadəsini tərcümə edən tərçüməçinin lisenziyası yoxdur , buna görə dindirmə yarımçıq qaldı və fasilə elan etdi".

 

BakuPost xəbər verir ki, bunu tanınmış vəkil Adil İsmayılov azərbaycanlı zabit Ramil Səfərov həbsdə olarkən onun müdafiəsi ilə bağlı görülən işlər haqqında yazıb.


 

A.İsmayılov qeyd edib ki, bir məqamda hakimin qərarı ümumiyyətlə əndazəni aşırdı: "8 fevral 2005-ci il tarixli ikinci məhkəmə iclasında hakim bildirdi ki, "90-cı illərin hərbi hadisələrini məhkəmə ümumi qəbul edilmiş faktlar kimi tanıdığından bundan sonra erməni-Azərbaycan münaqişəsinə aid sübutlar irəli sürülməsinə icazə vermir. Məhkəmənin vəzifəsi ittihamın predmeti olan əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi, onun hadisəni nə üçün və hansı psixi durumda etməsini müəyyən etməkdir”. Şəxsən mən belə hesab edirəm ki, hadisənin erməni-Azərbaycan münaqişəsi (əslində müharibəsi) kontekstindən kənar araşdırılması obyektiv ola bilməzdi. Maraqlıdır ki, müdafiə tərəfinə bu barədə sübutlar irəli sürməyə icazə verməyən hakim Vaskuti Andraş yekun məhkəmə qərarında-hökmdə həmin hadisələri özünə sərf edən şəkildə interpretasiya etmişdi.

 

 

Hakimin tərəfkeşliyi psixiatrik ekspertiza ilə bağlı məqamlarda pik həddinə çatdı. Bu cür qərəzli mövqe hətta Azərbaycan məhkəmələri üçün də xarakterik deyil. Yəqin çoxlarınız bilmir ki, bu iş üzrə 4 dəfə məhkəmə psixiatrik ekspertiza keçirilib. Birinci ekspertiza istintaq dövründə hadisədən dərhal sonra keçirilmişdi.

 

 

Ekspert psixiatr Katalin Qaal və psixoloq Kristina Yuxasın verdikləri 33/2004 saylı ekspertiza rəyi ilə müəyyən edilmişdi ki, Ramil Səfərov cinayəti törədən vaxt və hal hazırda anlaqlı vəziyyətdədir, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Heç bir psixi pozuntu və xəstəliyi yoxdur. Rəyin detallarına getmədən bir məqamı vurğulamaq istərdim. Ekspertiza hadisədən az müddət sonra 23 fevral 2004-cü ildə keçirilmişdi, Səfərov fikirlərini, verilən suallara cavablarını ekspertlərə rus dilində çatdırmışdı. Ekspertizaya bu məqsədlə tərcüməçi Juja Timar dəvət edilmişdi. İstintaqın ilkin mərhələsində Səfərovun ifadəsini də həmin tərçüməçi tərcümə etmişdi. Rəyin ən mübahisəli məqamı Ramil Səfərovun intellektual səviyyəsinin aşağı olması, hətta orta məktəb bitirmiş şəxsin səviyyəsinə uyğun olmaması idi. Türkiyədə Ali hərbi məktəbi fərqlənmə ilə bitirmiş şəxsin intellektual səviyyəsinin aşağı olması barədə rəydə göstərilənlər onu birmənalı olaraq şübhə altına almağa əsas verirdi. Bir az irəli gedərək deyim ki, sonrakı üç ekspertiza müayinə olunan şəxsin intellektinin yüksək , yəni aldığı təhsilin səviyyəsinə uyğun olmasını təsdiq etdi. Birinci ekspertiza rəyindəki ziddiyyətli məqamları aradan qaldırmaq üçün Səfərovun vəkili yeni ekspertiza təyin edilməsi barədə vəsatət qaldırdı. Hakim əvvəlcə rəyi vermiş ekspertləri məhkəməyə dəvət etmək barədə qərar verdi.

 

 

Mən Bakıya qayıdan kimi Azərbaycan Səhiyyə Nazirliyinin baş məhkəmə-psixiatrı, tibb elmləri doktoru, professor Bilal Əsədovla görüşüb onun yardımına ehtiyac olduğunu dedim. 33/2004-cü il saylı psixiatrik ekspertizanın rus dilində tərcüməsini ona təqdim etdim. Professor Əsədov rəylə tanış olduqdan sonra biz yenidən görüşdük. Bilal Əsədov rəydə olan ziddiyyətləri mənə izah etdi və onları araşdırmaq üçün ekspertlərə məhz hansı suallar verməyin vacib olduğunu məsləhət gördü. Əsədov 16 sualdan ibarət olan bir siyahı təqdim etmişdi. 11-ci sual belə idi : " Sizin keçirdiyiniz Rorşah testinin nəticəsində Ramil Səfərovun intellektinin orta məktəb məzununun səviyyəsinə uyğun olmadığı müəyyən edilib. Necə olur ki, ali hərbi məktəbi fərqlənmə ilə bitirmiş, dəfələrlə müxtəlif treninqlərdə iştirak etmiş , özü kursantlara təlim keçən şəxs birdən birə testdə belə zəif nəticə göstərir? Mütəmadi olaraq verilən suallara aidiyyəti olmayan cavablar verir, verdiyi cavabları təkrar etməyə meyllidir , vaxtaşırı aşağı danışıq stilinə keçir”.

 

Bu sualın yeganə cavabı tərçümənin yararsız olması və Səfərovun rus dilini bilmədiyi üçün onun dediklərinin təhrif olunması idi. Məhkəmənin yuxarıda qeyd etdiyim 8 fevral 2005-ci tarixli iclasından başlayaraq Ramil Səfərovun hüquqlarını iki vəkil Peter Zalay və Georgi Madyar müdafiə edirdilər. İkinci vəkil səfirliyimizin təşəbbüsü və iştirakı ilə tutulmuşdu. Vəkillər məhkəməyə dəvət edilmiş ekspertlərə suallar verilərkən Bilal Əsədovun hazırladığı suallardan məharətlə istifadə etdilər. Ekspertlər biri-digərini inkar edən cavablar verirdi. Ekspertlərin cavabında bir məqam diqqətimi xüsusi cəlb etdi. Psixiatr suala cavab verərkən dedi ki, əgər təqsirləndirilən şəxs PST-dən (post travmatik stress-bu barədə bir azdan daha ətraflı yazacam) əziyyət çəksəydi o zabit kimi hərbi xidmətə yararsız hesab edilməli idi, amma işdə belə bir tibbi müayinə aktı yoxdur. Psixoloqsa dedi ki, Səfərov rusca o qədər yaxşı danışırdı ki, bəzi sözləri ( yəqin "voda” və”xleb”i deyirdi) o da başa düşürmüş. Ekspertlərin suallara verdiyi natamam və ziddiyyətli cavablardan sonra Məhkəmənin yeni ekspertiza keçirilməsi barədə qərar verməkdən başqa yolu qalmadı. Məhkəmə vəkillərin vəsatəti ilə azərbaycanlı ekspertlərin ekspertizanın keçirilməsində müşahidəçi kimi iştirakına da icazə verdi. Davamı olacaq..."