Baş
Dövlət Yol Polisi İdarəsi UEFA Avropa Liqasının final oyununun Bakıda
keçirilməsi ilə əlaqədar avtomobil sahiblərinə və sürücülərə müraciət edib.
BakuPost.az xəbər verir ki, idarənin məlumatında
carı il mayın 29-da Bakıda Olimpiya Stadionunda "Arsenal” və "Çelsi”
futbol klublarının iştirakı ilə UEFA Avropa Liqasının final oyunu keçiriləcəyi
bildirilib. Final oyununa tamaşa etmək üçün xarici ölkələrdən paytaxtımıza
gələcək çoxsaylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat
vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi
İdarəsi tərəfindən əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata
keçirilir.
Bununla
əlaqədar Bakıda nəqliyyatın sıxlığının azaldılması, habelə avtomobillərin və
piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə
respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən
vətəndaşlarımıza carı il mayın 27-dən 30-dək olan müddətdə ictimai nəqliyyat
vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiyə edirik. Sumqayıt
sakinləri isə avtobuslarla yanaşı, Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən
sürətli elektrik qatarlarından istifadə edə bilərlər.
"Xatırladırıq
ki, Bakı şəhərinin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və
mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Paytaxta fərdi minik
avtomobilləri ilə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin
duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro
stansiyasına gedə bilərlər. Eyni zamanda, paytaxt sakinlərindən həmin müddət
ərzində fərdi nəqliyyat vasitələrdən mümkün qədər az istifadə etmələrini,
xüsusilə Bakının mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə
hərəkət etmələrini tövsiyə edirik”, - deyə Baş Dövlət Yol Polisi İdarəsinin
məlumatında qeyd olunub.