Ru
21:52 / 12 Sentyabr 2019

Yüzlərlə insanı ağrıdan xilas edən həkimlə MÜSAHİBƏ

Yüzlərlə insanı ağrıdan xilas edən həkimlə MÜSAHİBƏ
6682

Azərbaycanda ilk Ağrı Mərkəzinin faəliyyətindən 2 il ötür.


BakuPost-un məlumatına görə, bu müddət ərzində yüzlərlə xəstəni əməliyyatdan və xroniki ağrılardan xilas edən CİPS və ETT sertifikatlı alqoloq Zülfüqar Yusifov Medicina.az-a müsahibəsində qarşıya qoyduqları hədəflərə nə dərəcədə çatdıqlarından və yaxın gələcəkdə Ağrı Mərkəzində daha hansı yeniliklərin olmasından bəhs edib:

- Həkim, son 1 ildə Ağrı Mərkəzində hansı ağrılar üzrə daha çox müraciətlər olub və daha çox hansı xəstəliklərdə uğurlu nəticələr əldə etmisiz?

- Əslində, ağrı işi ilə bizim məşğul olmağımızın və alqologiyanı Azərbaycanda tətbiq etməyimizin tarixi 10 il əvvələ gedir. Amma Ağrı Mərkəzi 2 ildir, fəaliyyət göstərir. Bu illər ərzində çoxsaylı xəstələrimiz olub.
Daha çox bel, boyun, onurğa, oynaq ağrılar: bud diz çiyin, damar: venoz arterial ağrılarla müraciətlər olunub.
İşimizin bir istiqaməti də baş ağrılarıdır ki, bunlardan ən çox boyun və gərginlik tipli baş ağrıları ağrılarının müalicəsində yaxşı effekt əldə etmişik.
Bir sıra spesifik baş ağrıları var ki, bu üzrə təbliğat işimizi geniş qurmadığımızdan müraciət sayları hələ ki, azdır. Spesifik ağrılara klaster, üçlü sinir, miqrenlər, idiopatik ağrılar daxildir.

Bu il əsasən damar, onurğa və diz ağrıları ilə olduqca çox məşğul olmuşuq, nəticələrimiz də yüksək səviyyədədir.

- Siz Amerika, Avropa, Türkiyədə konqreslərdə, o ölkələrin ağrı mərkəzlərində olursuz. O ölkələrlə müqayisədə Azərbaycanda alqologiya üzrə istədiyiniz nəticəyə nail olmusuzmu? Ümumiyyətlə, bizdə də Ağrı Mərkəzi Türkiyədəki kimidirmi?

-Dünyanın müxtəlif ölkələrində ağrı mərkəzləri və mütəxəssisləri ilə davamlı elmi mübadilədəyik, aparıcı beynəlxalq ağrı təşkilatlarının üzvüyəm.
Ağrıda hədəflərimiz böyük idi. Hələ tam bu hədəflərə çatmasaq da, ölkədə bu sahədə irəliləyiş var. Əvvəla bir sıra ağrı mütəxəssisləri meydana çıxıb. 10 il əvvəl biz bu işə başlayanda, alqoloq deyəndə hətta həkim kolleqalar belə təəccüblənirdilər. Xalqa isə bunu çatdırmaq çox çətin idi. Son 2 ildə bizim də apardığımız təbliğat işləri nəticəsində artıq müxtəlif iri klinikalarda ayrıca ağrı şöbələri və alqoloqlar var, nevroloqlar özləri də alqologiya üzrə ixtisaslaşmağı seçir. Çünki ağrılarla mübarizədə müasir tibbin gələcəyi budur.

Digər kolleqalar da artıq ağrı mütəxəssisinin gərəkli olduğunu anlayır və xəstələri yönəldirlər. Bunlar sevindiricidir. Bu istiqamət tibbi ictimaiyyətdə özünə nə qədər yer taparsa, o qədər cəmiyyətin xeyrinədir.

Ağrı ümumiyyətlə, multidistiplinar sahədir. Müalicə bir neçə mütəxəssisin fikri ilə dəyərləndirilir.
Alqoloqlar daha çox nevroloqlar, neyrocərrahlar, fizioterapvetlər, ortopedlər, revmatoloqlar, lazım olanda psixiatrlar, son illərdə onkoloqlarla iç-içə çalışır.
Ağrı o qədər mürəkkəb bir sahədir ki, bəzi hallarda göstəriş olduğu halda biz ağrıları kəsə bilmirik, daha dərin prosedurlara ehtiyac olur. Məsələn, ağrılı xəstəyə hər hansı radiofrekans edirik, nəticə sonra fizioterapevtik prosedurlarla möhkəmlənməlidir.

Bəzən ağrılar psixoloji olur, biz prosedurumuzu edirik, effektini artırmaq üçün psixoloji dəstəyə ehtiyac olur. Bəzi proseslər var ki, nevroloji, revmatoloji dəstəyə ehtiyac var.
Bir sıra ağrıların müalicəsi üzərində hələ də işlər gedir. Bu gün ən çox məşğul olduğumuz diz ağrıları belə, tibb elmində bir sıra suallar altındadır.
O ki qaldı Azərbaycandakı Ağrı Mərkəzimizə, bu gün PRP, kök hüceyrə, radiofrekans həyata keçiririk. Dünyanın qabaqcıl ağrı mərkəzlərində nə olunursa, eynilə biz edirik. Bu baxımdan heç bir fərq yoxdur.



- İndi daha çox kök hüceyrə terapiyası eşidirik. Siz də kök hüceyrə köçürürsüzmü və əsas hansı xəstəliklərdə tətbiq edirsiniz?

-Bəli, kök hüceyrə metodu da edirik. Burda məsələ bir qədər fərqlidir. Bu metod dünyada oynaqlarda tətbiq olunur və eksperimental mərhələdədir. Bu gün biz nə qədərdə desək də, kök hüceyrə köçürən kimi artroz tam sağalır, bu ciddi tibbi yanaşma deyil. 100 faizlik zəmanət vermək olmaz. Təəssüf ki, bir çox kolleqalarımız bunu belə təqdim edir. Bu barədə biz 2-3 il sonra bu gün kök hüceyrə köçürülən xəstələrdə aldığımız nəticələrdən qaynaqlanıb danışa bilərik. İlkin olaraq bir neçə ay sonra ağrıların azalması müşahidə olunur. 1 il sonra xəstələrin ağrıları daha da azalacaq. Bu qədər zaman gözləmək xəstə üçün əlverişli deyil. Bu gün dizi dəhşətli ağrıyan pasiyentə biz kök hüceyrə inyeksiya edib deyək ki, 1 il gözlə, təsiri olacaq, bu xəstəni inandırmaz. Alqoloq ən qısa müddətdə xəstəni ağrıdan azad etmək barədə tədbir görməlidir.

Bəli, oynaqları bərpa etmək, qorumaq və s. baxımdan kök hüceyrə faydalıdır, maraqlı prosesdir, amma kök hüceyrənin birbaşa ağrını kəsməsi zəmanəti yoxdur. Xəstə digər mərhələlərdən keçəndən sonra kök hüceyrə qərarı verilə bilər.
Digər tərəfdən maddi baxımdan da sərfəli olmaz. Hətta elə pasiyent var ki, bir qədər də maddi toparlanıb endoprotez əməliyyatı edib, oynaq qoydursa daha yaxşı olar, nəinki kök hüceyrəyə vaxt və pul sərf etmək. Bu kimi məqamları xəstəyə izah edirik. Kök hüceyrə mütərəqqi metoddur, tibdə inqilabdır, amma hələ təcrübə ərəfəsindədir, bir sıra hallarda vətər yaralanmaları, əzələ yırtıqlarında kök hüceyrə çox effektivdir. Amma oynaq problemləri, qığırdaq yeyilməsində ciddi elmi mübahisəli məsələdir.

Kök hüceyrəni hamıya gəldi etmək olmaz. Əgər pasiyent artıq özü bu barədə qərar veribsə, ümidini bağlayıbsa, xaricdə müayinə zamanı məsləhət görüblərsə, sınamaq istəyirsə bizə dedikdə edirik. Zərərsizdir, insanın öz toxumasından hazırlandığından əks təsiri yoxdur, bərpaya kömək edir. Mən və dostlarım uzun müddətdir kök hüceyrə ilə məşğuluq. Kanada, Avropa, Türkiyədəki həkimlərin nəticələri ilə maraqlanıram. Onlar da eyni fikirdədir. Kök hüceyrə bud çanaq diz artrozlarında xəstəyə dəqiq nə effekt verəcək sualı tam cavab almayıb.
Gələcək tibb kök hüceyrəyə bağlıdır, amma oynaq patologiyalarında mükəmməl nəticələr hələ ki yoxdur.

- Bir ağrı mərkəzinin yaranması üçün nələr lazımdır? Bildiyimiz qədəri ilə avadanlıq, cihaz və s bir qədər fərqlidir. Yəni ağrı mərkəzi bir otaqda başa gələn məsələ deyil...

- Müasir ağrı mərkəzindən danışırıqsa, birinci müayinə cihazlarınndan və prosedur cihazlarından mütləq USM və flüroskop, müasir radiofrekans cihazı olmalıdır. Bu prosedurlar bir otaqda ola bilməz, əməliyyatxana şəraiti olmalıdır. Ağrı cihazları, krioterapiya üçün yaxşı aparatlar, diaqnostika üçün yanaşı rentgen, MRT, yanaşı olaraq fizioterapiya şöbəsi olmalıdır.
Qeyd edim ki, Azərbaycanda hələ ki, yalnız bizdə USM altında prosedurlar, inyeksiyalar aparılır. Bu nəinki Azərbaycanda, həm bütün MDB zonası, Türkiyə üçün də yenidir.



Bu metoda Kanada və Honk Konq məktəbi ilə əlaqəli şəkildə başladıq və o metodla gedirik. Bu sahədə bizim bazamız bu gün Amerika, Avropa ilə eynidir.
Ağrı müalicəsinin gələcəyini USM-siz görmək mümkün deyil.
Çiyin oynağına USM-lə altında inyeksiya etməklə rentgen altında inyeksiya etməyin arasında çox fərq var. Rentgendə ancaq sümük görünür, rentgen əməliyyatxanada olur, şüalanma var. USM də isə bunların heç biri yoxdur. USM altında adi otaqda damarı, siniri, bütün xırda hissələri görərək ən dəqiq rahat şəkildə inyeksiyamızı edirik. Həm asandır, həm də ucuzdur.

- Ağrı Mərkəzi onkoloji xəstələri ağrıdan xilas edə bilərmi? Dünyada bu metodika var...

- Ağrısızlaşdırma üçün sadə bloklardan tutmuş müxtəlif dərman preparatlarına qədər üsullar var. Müasir yanaşmalardan biri odur ki, xərçəng xəstələrinə təyin olunan ağır, bəzən narkotik təsirli inteksiyaların olunmasını azaltmaq üçün epidural pompalar qoyulur. Bu pompanın içərisində həmin dərmanın doldurulduğu bir yuva-rezervuar var. Bir dəfə pompanı qoyub, dərmanla doldurulur, çox kiçik dozalarla cihaz özü tənzimləyib, epidural sahəyə o dozanı gündəlik özü ötürür və xəstə ağrının nə vaxt gəldiyini belə hiss etmir.

Çiyin nahiyəsinə, döş qəfəsinin ön səthinə qoyulan portlar qoyuruq. Burda məqsəd mümkün qədər venadaxili inyeksiyaları azaltmaq, bəzən xəstələrə
venaya dərman yeritmək mümkün olmadıqda, inyeksiya bu portun içərisinə olunur və ordan magistral damarlarla orqanizmə gedir və ağrını kəsir.


Daha dərin üsullardan biri onurğa beynin stimulyasiyasıdır. Onurğa beyninə implant stimulyatorlar qoyulur, onlar davamlı olaraq həmin onurğa beynini stimulyasiya edir. Müəyyən dövrlərdən bir xəstə kontrol olunur, cihazın batareyası dəyişdirilir, xəstənin gündəlik ağrıkəsici iynələrdən canı qurtarır.

Beləliklə, xəstənin normal həyatına davam etməsinə imkan yaranır, istədiyi yerə gedir, ağrı gələn vaxt dərman, iynə, həkim axtarmır və ümumiyyətlə, heç nə hiss etmir.

Bizim mərkəzdə port, qalıcı epidural kateterlər qoyulur, implant pompalar da qoymaq da mümkündür. Sadəcə implant pompanı xəstə özü əldə etməlidir, bir qədər bahalıdır. Ümid edirik ki, sığorta təbabəti başlayandan sonra onkoloji xəstələr üçün bu məsələlər həll olunacaq.



- Bəlkə də inandırıcı gəlməz, amma statistik deyim ki, onurğada yırtığı olan xəstələrdə bizim metodla müalicə etdiklərimizdə əməliyyata ehtiyac olmayıb və yəqin ki, bundan sonra da olmayacaq. Onurğada əməliyyat bilirsiz asan deyil, çox xəstələr bunu istəmir. Lakin elə mərhələ var ki, heç nə əməliyyatı əvəz etmir. Bunu xəstəyə izah edirik. Bununla belə yenə də xəstə əməliyyatdan imtina edir və bu onun seçimidir. Məsələn, bu yaxında 16 mm-lik yırtığı olan xəstə əməliyyata göstəriş idi. Nə qədər izah etsək də razılaşmadı, dedi mən bu proseduru seçirəm. Biz də təbii ki, imtina edə bilmərik. Radiofrekans proseduru , bəzi müalicələr təyin etdik, effektli də alındı. 10-12 mm yırtıqlar da olub ki, ağrıları tamamən dayandırmışıq.

Digər bir pasiyentin ayağında artıq nevroloji defisit var idi, sinir keçiriciliyi pozulmuşdu. Dabanı üzərində qalxa bilmirdi. O nə qədər inad etsə də ki, əməliyyat istəmirəm, biz də o qədər inad etdik ki, artıq burda neyrocərrahlıq iş var. Yəni boşuna vaxt itirməsin. Xəstənin ayağında artıq nevroloji çatışmazlıq, reflekslərdə pozulma varsa, xəstənin ayağı arıqlayıbsa, sidiyə getmə problemi varsa, aylarla aparılan müalicələrə cavab vermirsə, əməliyyat qaçılmazdır.

Bəzən olur onurğada əməliyyatdan sonra xəstədə ağrılar olur, bu zaman da bizim prosedurlar köməyə çatır.
Bəzən də bizim prosedurlar da əks göstərişdir. Bu zaman xəstəyə fizioterapiya, manual terapiya, dərman müalicəsi tövsiyə edirik.
Bir sıra ağrıların səbəbi revmatoloji xəstəliklərdən başlayır, oynaqda iltihabi proseslər sinir uclarında dəyişiklik yaradır. Revmatololji müalicə alsa da xəstədə ağrı azalmır və əziyyət çəkir. Oma qalça oynağında çətin müalicə olunur. İltihab varsa zamanında inyeksiya etdikdə ağrılar azalır. Bu xəstə üçün daha əlverişlidir nəinki ağrıkəsici dərmanlarla yaşamaq.

- O zaman Ağrı Mərkəzinin əhatə edəcəyi xəstəlik və pasiyent qruplarını bir daha nəzərdən keçirək...

-Fizioterapiyadan faydalana biıməyən insanlar
-Dərman müalicəsi ilə ağrıları azalmayanlar
-Oynaq ağrılarından əziyyət çəkənlər
-Neyrocərrahi əməliyyatlardan sonrakı ağrılar
-Ortopedik- travmatoloji əməliyyatlardan sonra qalan ağrılar
-Xəstədə endoprotez qoyulub, amma ağrı var
-Bel yırtığı, fəqərələr arası yırtıqlar - Bunlarla biz məşğul oluruq
Yaş həddimiz yoxdur, 14 yaşından 80 yaşına kimi xəstə qruplarını əhatə edir.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar